SABAH tələbəsi Beynəlxalq Konqresdə!
TƏLƏBƏLƏR
17 Oktyabr 2024SABAH tələbəsi İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elmi məqaləsi üzrə təqdimat keçirib.
SABAH qrupları Azərbaycan Texniki Universitetinin bakalavriat səviyyəsinin tələbəsi Səfərəli Səfərli konqresin panel sessiyasında “Süni intellekt naviqasiya və müşahidə sistemi (Artificial Intelligence Navigation and Observation System - A.I.N.O.S)” layihəsini təqdim edib. Fiziki formula əsasən işləyən süni intellekt barədə auditoriya iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, süni intellekt yer səthindən səmadakı göy cisimlərinin, ulduzların və peyklərin koordinatlarını müəyyən etməyə, izləməyə və onlar haqqında ekranda məlumat vermə qabiliyyətinə malikdir. Səfərəli Səfərlinin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Milan Konqresində ölkəmizi Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası və Sumqayıt Dövlət Universitetinin tələbə, gənc mütəxəssis və alimləri təmsil edirlər. Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Ölkəmizdən təqdim olunan elmi məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb.